Bakıdan gələn mətbuat generalları, yaxud dəvətsiz getdiyimiz tədbirdən qeydlər >>

29 Tem 2010 18:29 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 1 Ağu 2010 16:32 tarihinde Aydın Məmmədov tarafından güncellendi ]
    Mətbuat Şurası KİV-ə Dövlət Dəstəyi Şurası ilə birgə son 8 ayda Lənkəran şəhərində 2-ci tədbir keçirtdi. Birinci tədbir yəqin ki, oxucularımızın yadındadır. Region jurnalistlərinin problemlərindən, icra başçılarının müstəqil qəzetlərə təzyiqindən açıq-saçıq danışmağım həmin tədbirdə Lənkəranın sabiq icra başçısı Süleyman Mikayılovun və KİV Dəstək Şurasının sədri Vüqar Səfərovun xoşuna gəlməmişdi. Məhz bunun nəticəsində, fondun elan etdiyi müsabiqədə 84 iştirakçı arasından 50 baldan yuxarı nəticə göstərən 7 nəfərdən biri olsaq da, 33 bal toplayanlara mükafat verdilər, bizə yox.
Nə isə, keçən tədbirdə arzu olunmaz çıxışımı nəzərə alıb, bu il iyulun 13-də Lənkəranda keçirilən tədbirə bizi dəvət etməmişdilər. Tədbirə dəvətsiz getmişdik. Sağ olsunlar ki, qovmadılar. Tədbirə dəvətlilər siyahı ilə çağırılmışdı və həmin siyahıya daxil olanlar demək olar ki, YAP-çılardan, hökumət adamlarından ibarət idi. Elə bil Həsən bəy Zərdabi YAP-çı olubmuş.
    Bu tədbirə Bakıdan da Mətbuat Şurasının sədrindən, müavinindən tutmuş KİV-ə DDŞ-nın sədrinədək qonaqlar da qatılmışdı. Eləcə də 14 rayonun hökumət qəzetlərinin və ictimai - siyası şöbələrinin müdirləri. Bölgədəki 3-4 müstəqil jurnalist bu dəvətdən kənarda qalmışdı.
    Ötən tədbirdə etdiyimiz bəzi iradlar isə nəticəsiz qalmamışdı. İndi stolun üstündə su da var idi, kağız, qələm də. Ötən il 1000 tirajla çıxan “Lənkəran” qəzetinin tirajını zor-güc olsa da, 3-4 minə qaldırmışdılar.
Tədbirdə Bakıdan gələn qonaqlar və dəvətli 14 rayonun 7 nümayəndəsi çıxış etdi. Maraqlıdır, hamı çıxışını kağızdan oxuyurdu. (Hətta bəzisi kağızdan da zorla oxuyurdu). Uzun illərdən sonra sanki 70-ci illərin şablon partiya iclaslarına qiyabi səyahət etdik. Çıxışçıların 99 faizi keçmişdən və xarici təcrübədən xatirələr danışırdı. Region mətbuatının bu günkü real problemlərindən isə az da olsa, Sabirabadda çıxan “Suqovuşan” hökumət qəzetinin redaktoru Pakizə xanımdan özgə kimsə söz açmadı. Onun çıxışında ən ürəkağrıdan məqam bu oldu ki, güclü potensialı olan Sabirabad rayonunda icra hakimiyyəti təsisçi olduğu qəzet üçün bir normal kompüter də ala bilmir. Onlar hələ də 2001-ci ilin buraxılışı olan köhnə avadanlıqla işləyir.
    Bir də maraqlı o idi ki, təsisçisi və redaktoru olduğu qəzetləri ayda-ildə bir dəfə 200-500 tirajla çıxaranlar ənənəvi olaraq bəzi qəzetləri, bəzi jurnalistləri çıxışlarında topa tuturdular.
Tədbirdə heç kim yada salmadı ki, ötən tədbirdə sabiq icra başçısı Süleyman Mikayılovun “Bir ilə burada mətbəə tikəcəyəm” vədi niyə reallaşmır? Vəddən 8 ay ötsə də, həmin mətbəənin heç tikiləcəyi yer də bəlli deyil.
Tədbirdən hansı qənaətə gəlmək olar? Nə mərkəzi, nə yerli hakimiyyət müstəqil mətbuatı görmək istəmir. Yoxsa siyahı ilə dəvət etdiyi qonaqlar sırasında müstəqil mətbuatın nümayəndələrini görməyən müstəqil dövlətin rəsmiləri bunun səbəbləri ilə maraqlanardılar.
    Yerlərdə bütün hökumət qəzetlərinin təsisçiləri icra hakimiyyətləridir. Bəzi rayonlarda bu qəzetlərin kağızı, rəngi yaxşılaşsa da, tirajı artsa da, içi elə həmin içdir.
Əksər yerli hökumət qəzetləri isə maddi çətinlikdən qan ağlaya-ağlaya tribunadan öz rəhbərlərinə minnətdarlıqlarını bildirirdilər.
    Gedişatdan belə qənaətə gəlmək olar ki, bu cür tədbirlər daha çox olacaq, amma region mətbuatının inkişafına real yardım ola biləcək işlər isə hiss olunmayacaq. Mətbuat generalları cənuba və başqa əyalətlərə gələcək, gəzəcək, xatirələr danışacaq, bu adla pullar siləcək, amma bu qəzetlər ürəkbulandıran cızıqlardan kənara çıxa bilməyəcək.
Ötən dəfə hətta su verilməyən analoji tədbirdə bu dəfə iştirakçılara icra başçısı Tofiq müəllimin təklifi ilə “Qala” otelində nahar da verildi. Buna görə həmkarlarım xahiş etdi ki, qəzet vasitəsilə rayon rəhbərliyinə sağ ol deyək. Lakin çoxu gözləyirdi ki, Bakıdan gələn mətbuat generalları yerli jurnalistlərlə bir stol arxasında oturub, bayramqabağı dərd-sərlərini daha səmimi formada bölüşdürəcəklər. Ancaq Bakıdan gələnlər bunu özlərinə yaraşdırmadılar.
 
Mirzəkişi Mirzəyev
 

 

Comments