F. X. Xoyskinin bacısının baş daşı "Şəki Xan qəbristanlığından "yığışdırılmış"dır!

16 Nis 2010 11:51 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 22 Kas 2013 11:22 güncellendi ]
    15 aprel, 2010-cu il tarixdə "Şəki Xan qəbristanlığı" ziyarət edərkən, aşkar etdik ki, Fətəli xan Xoyskinin bacısı Səltənət bəyimin qəbrinin üstündəki baş daşı, həmçinin, Səltənət bəyimin anasına aid baş daşı hissələri və 4-5 digər yazılı baş daşı qalıqları bu qəbristanlıqdan yoxa çıxmışdır, hansı ki biz onların foto şəkilərini cəmi 1 il əvvəl çəkmişdik:
   
Səltənət bəyimin başı

Səadət bəyimin baş daşının bir hissəsi
 

Məlumat üçün əlavə edək ki, Səltənət bəyim 1869-cu ildə dünyasını dəyişmişdir . Səltənət bəyimin anası Səadət bəyim isə 1892-ci ildə vəfat etmişdir. (Bu baş daşı hissəsinin Səadət xanıma aid olduğunu ilk dəfə biz müəyyənləşdirmişdik, özü də cəmi 1 il əvvəl) Səadət bəyimin atası İsmayıl xan Xoyski, anası isə Məhəmmədhəsən xanın qızı Tuti ağa idi. İsmayıl xan 1819-cu ildə Şəkidə vəfat etmiş, lakin Kərbalada torpağa tapşırılmışdır. Tuti ağa isə 1859-cu ildə Tiflisdən gələrkən yolda vəfat etmiş, sonra nəşi Şəkiyə gətirilmiş və o, bu qəbristanlıqda, atası Məhəmmədhəsən xanın qəbrinin yanında dəfn edilmişdir...

     Yoxa çıxmış baş daşı və baş daşı qalıqları ilə bağlı məsələni aydınlaşdırmaq üçün Şəki Mədəniyyət və Turizm şöbəsi ilə telefon əlaqəsi yaratdıq. Şöbənin rəisi, adaşımız Aydın İbrahimxəlilovun Şəkidə olmadığını bildirdilər, onun əvəzinə, müavini İsmayıl müəllim cavab verdi ki, "bəli, bu doğrudur, biz həmin başdaşını və başdaşı qalıqlarını qorumaq məqsədi ilə  onları oradan götürüb Diyarşunaslıq muzeyinə təhvil vermişik"?!
     Hörmətli oxucu! Nəzərinizə çatdırırıq ki, muzey fonduna daxil olmuş əşyalar bir daha geri qayıtmır! Buna görə də elə indidən, Fətəli xan Xoyskinin bacısının qəbrini itmiş hesab edə bilərsiniz, hansı ki bu günlərə qədər dururdu, belə ki üstündə baş daşısı var idi! Qəbrin kimə məxsus olması, baş daşı vasitəsi ilə müəyyənləşir, əgər baş daşı muzeydə nümayiş etdirilirsə, o zaman qəbir itmiş hesab olunur, necə ki qubalı Fətəli xanın baş daşı Tarix muzeyindədir, qəbri isə yoxdur. 
    Onu da xatırlatmaq yerinə düşər ki, vaxtilə, Gilək minarəsinin yanında movcud olmuş qəbristanlıqdan neçə-neçə başdaşı "qorunmaq adı" altında muzeylərə verilmiş və onlardan heç biri geri qaytarılmamışdır (bəziləri indi Bakıdadır) və oradakı bütün qəbirlər də itmişdir!  Həmçinin, həmin ərazidə,  ötən əsrin 40-cı illərinə qədər, "Şəki, Şirvan hakimi Çələbi xan..." yazılmış bir kitabə də var idi, foto şəklini çəkiblər, özü isə indi yoxdur! Onu da yəqin ki "qorunmaq" adı altında götürüblər, kim götürdü, hara təhvil verdi, heç kim bilmir, amma nəticə budur ki Çələbi xanın adı yazılmış o çox qiymətli bir epiqrafik abidə, bu gün artıq yoxdur!!!
 
Aydın Məmmədov,
"İpəkçi" qəzetinin redaktoru,
"Fətəli xan Xoyski barədə sayt"ın editörü,
kulturoloq,
Muzey işi və tarixi abidələrin mühafizəsi üzrə mütəxəssis.