DAĞISTAN RESPUBLİKASI PREZİDENTİ MAQOMEDSALAM MAQOMEDOV “ŞƏKİ-İPƏK” ASC-NİN BAŞ MÜƏSSİSƏSİNDƏ >>

25 May 2010 03:11 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 4 Haz 2010 20:14 güncellendi ]
   Mayın 24-də Respublikamıza rəsmi səfər edən Rusiya Federasiyasının Dağıstan Respublikası prezidenti Maqomedsalam Maqomedov, ertəsi gün səhər Zaqatalada olmuş, oradan isə təxminən, saat 12 radələrində Şəki şəhərinə gəlmişdir.
   İlk olaraq, "Şəki-İpək" ASC-nin baş müəssisəsinə təşrif buyuran hörmətli qonağı, burada Şəki şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı və “Şəki-İpək” ASC idarə heyətinin sədri Marat Əkbərov qarşılamış, ona müəssisə haqqında ümumi məlumat vermişlər. 
    Prezident Maqomedsalam Maqomedov baş müəssisənin Baramaaçan, Pambıqəyirici istehsalatlarında və Xalça sexində istehsal prosesi ilə şəxsən tanış olmuş, Sərgi salonunda "Rəy kitabı"na öz təəssüratlarını yazmışdır. Bundan sonra Şəki şəhərinin tarixi yerlərini də ziyarət edən hörmətli qonaq, daha sonra Qəbələyə getmişdir.
    Yeri gəlmişkən qeyd edək ki, milliyyətcə dargin olan Maqomedsalam Maqomedov, Dağıstan Respublikasının keçmiş rəhbəri – Dağıstan Dövlət Şurasının sədri, Maqomedali Maqomedovun oğludur və atasının 2006-cı ildə könüllü istefa verməsindən sonra Dağıstan Xalq Məclisinin sədri seçilmişdir. O, bu il fevral ayının 8-də isə Dağıstan Respublikası prezidenti postunu tutmuş və həmin vəzifəsində ilk rəsmi xarici səfərini etmək üçün Azərbaycanı seçmişdir.
 
Aydın Məmmədov
 
Foto: "İpəkçi", Rusiya Federasiyasi Dağistan Respublikasinin prezidenti Maqomedsalam Maqomedov "Şəki-İpək" ASC-nin baş müəssisəsində, 25.05.2010.
Comments