Fətəli xan Xoyski-135; “MÜHACİRƏT”DƏ OLAN QƏBİRLƏR

 
09.12.2007-ci il tarixdə, 20.00 və 23.00-radələrində  "Azadlıq" radiosunun "İz" Mədəniyyət proqramında, aparıcısı Sevda xanım, “İpəkçi” və“Şəkinin səsi” qəzetlərinin redaktoru Aydın Məmmədov, Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, həm də qərərgahı Lüksembruqda yerləşən Əsilzadələr Cəmiyyətinin “Almanach.be”  veb-saytı redaksiyasının  üzvü  Pərvin Mirzazadənin iştirakı ilə  Fətəli xan Xoyskinin anadan olmasının 132-ci ildönümü münüsibəti ilə  canlı efirdə maraqlı diskusiya aparılmışdı. Həmin söhbətin stenogramı ilk dəfə olaraq mətbuatda – “İpəkçi” qəzetində, dərc olunur:
 
“Azadliq” radisunda izə düşmümüşük. Efirdə “İz” Mədəniyyət proqramı. Bu proqramda Fətəli xan Xoyski kimdir sualının izinə düşəcək, Xan Xoyskinin nəsil ağacını yada salacaq və hər dəfə tədqiqatçılar Pərvin Mirzəzadənin və Aydın Məmmədovun açıqlamalarını eşidəcəksiniz. “Azadlıq” radiosunun dinləyicisi Aydın Məmmədovun radioya bir məktubu bu işin ana mövzusunu müəyyənləşdirdi. Məktub, əslində məqalə, “Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli-nəcabətinə dair tarixi faktlar” adlanırdı, o Fətəli xanın ki, bu il dekabrın 7 də, 132 yaşı tamam olur. Bu həftə, amma 89 il öncə, dekabrın 7-də Azərbaycan Demokratik respublikasının parlamenti öz açılış iclasını keçirir. Fətəli xan xoylunun, o dönəmlərin deyimi ilə Xan Xoyskinin həm də o ildən xatırladır və doğrulara yetişmək üçün yanlışlara da açıq olan bu proqramı hazırladıq. “Azadlıq” radiosunun iki dinləyicisi, peşəkar diplomat Pərvin Mirzəzadə və “Şəkinin səsi” qəzetinin və eyni adlı internet saytının redaktoru Aydın Məmmədov Azərbaycan Demokratik Respublikasının ilk hökumət başçısı Fətəli xan xoylunun şəcərəsi barədə fakt və ehtimalları “Azadlıq” radiosu ilə paylaşırlar.

 

Sevda İsmayıl: Xoş gördük Pərvin bəy.
Pərvin Mirzəzadə:  Salaməleyküm.
Sevda İsmayıl: Xoş gördük Aydın bəy. Aydın bəy, Fətəli xan xoylunun – Xoyskinin şəcərəsini öyrənmək nə ilə bağlıdır ki, bu nəyə işıq salır ki?
Pərvin Mirzəzadə: Ümumiyyətlə, Fətəli xan Xoyski Azərbaycanın tarixində çox böyük bir insan olub. Onun həm Azərbaycanın müstəqilliyindən öncə,  yəni 20-ci əsrin əvvəli böyük  xidmətləri olub, yadımızdadır ki Fətəli xan Xoyski həm Rusiya dumasının üzvü idi, həm yüksək vəzifələr tutub, o zaman Rusiya administrasiyasında, hətta Azərbaycanın, ilk müstəqil Azərbaycan respublikasının ilk baş naziri olub, ilk xarici işlər naziri olub, həm də böyük bir nəslin nümayəndəsidir. Və xoyski nəslinin, Azərbaycan tarixində xüsusi bir yeri var. Bildiyiniz kimi omun atası general-leytenant olub, rus ordusunun. Onun babası general-mayor olub rus ordusunda. Xan xoyskinin bir nəsli də əvvəl Xoy xanlığında, sonra da Şəki xanlığında hökmdar olub. Əvvəl Xoydan onlar 19-cu əsrin əvvəli Şəkiyə köçüb və Şəkidə Səlim xan Şəkinski, ruslar onu uzaqlaşdırır, xanlığından uzaqlaşır, ruslara qarşı qiyam qaldırır və xoyki nəsli Şəkiyə hökmdar gətirilir. [Xoskilərdən] ilk Şəki xanı Cəfərqulu xan xoylu, yəni Xoyski,  yeni bir şəcərə orada yaradır.
Aydın Məmmədov: [Sovet] hakimiyyətinin son illərində Azərbaycan Demokratik Respublikasına və onun yaradıcılarına diqqət artdı, Fətəli xan Xoyskinin öyrənməyə başladılar. İlk qəzet məqaləsi idi, “Ədalət”də çıxdı, bundan sonra Ziya Bünyatov – Mövsüm Əıiyevin bir kitabçası çıxdı, bundan sonra “Dirçəliş 20-ci əsr” jurnalında çıxdı, amma məsələ burdadır ki, orda, heç birində Fətəli xan Xoyskinin babası düzgün göstərilmədi. Yazırdılar ki, (Fətəli xan Xoyskinin atası) İsgəndər xan, şəkili İsmayıl xanın oğludur. Mən də dəqiq bilirdim ki, İsmayıl xanın oğul evladı olmayıb, ona görə də Şəki xanlığını ləğv etmək ruslar üçün bəhanə oldu. Mən bunu araşdırmaq üçün arxivlərə müraciət etdim, Dövlət Arxivində işlədim, nəhayət, Fətəli xan Xoyskinin babası, yəni İsgəndər xan Xoyskinin atasının Kəlbəli bəy olduğunu öy-rəndim, sonra o, [Kəlbəli bəy, sonra] general-mayor rütbəsinə layiq görülmüşdür. Kəlbəli bəy olduğunu öyrənə bildim, iki arxiv sənədi əsasında. Bu məqaləm “Elm” qəzetində çıxdı, Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” qəzetində çıxdı. Elə həmin il, 2002-ci ildə, mən həm də internetdə gördüm ki, Pərvin Xəyyam oğlu Mirzəzadə, ingilis dilində bir sayt var, “Almanach.be”, səhv etmirəmsə,  yəni o da mənimlə paralel şəkildə, mənimlə bir yerdə bu nəticəyə gəlib ki, Fətəli xan Xoyskinin babası Kəlbəli bəydir. Amma mən öyrənə bilmədim ki, Pərvin Xəyyam oğlu kimdir, bu nəticəni haradan alıb, hansı arxiv sənədlərinə müraciət edir, çünki mən bütün arxivləri, bütün kitabları araşdırdım, heç yerdə Pərvin Xəyyam oğlu – Mirzəzadənin əldə etdiyi mənbəni tapa bilmədim.
Sevda İsmayıl: Amma “Azadlıq” radiosunun “İz” mədəniyyət proqramı öyrəndi və tapdı Pərvin bəri, Pərvin bəy, – müraciət edir, Pərvin bəy?
Pərvin Mirzəzadə: Bəli, bəli.
Sevda İsmayıl: İngilis dilində, üstəlik pullu bir saytda belə bir cədvəli əks etdirmək təşəbbüsü nədən irəli gəldi sizdə?
Pərvin Mirzəzadə: Təxmini bir  5 il bundan qabaq, mən işdə Qarabağla bağlı saytları axtarırdım, xüsusən, mən maraqlanırdım ki, qərb dövlətlərində, Qarabağa aid saytlarda nə təhər göstərilir, Qarabağ kimə aiddir, kimdir, nədir? Təsadüfən, “Almanach.be” saytı tapdım, gördüm ki yazırlar ki, Qarabağ ermənilərə məxsusdur, Qarabağ, Ermənistandır, Qarabağ qədim erməni torpağıdır... Mən onlara bir məktub yazdım, e-maillə göndərdim ki, siz səhv yoldasız, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağ tarixən, Azərbaycanın tərkibində olub,  Qarabağ xanlığında Cavanşır nəsli uzun müddət [hakimiyyətdə] olub, oradan da mənə o saytın redaktoru, admin, “Remil” adında bir adam məktub yazdı, üzr istədi, dedi ki, “bilirsiniz, bizdə xəbər yoxdur bu barələrdə, nə Azərbaycandan, nə Qarabağdan”, - xahiş elədi məndən ki, mən onlara məlumat göndərim. Sayt çox maraqlıdır. Sayt nəyə həsr olub? Sayt həsr olunub, Avropadan başqa, başqa dünyada, başqa qitələrdə, hansı monarxiya dövlətləri mövcuddur və hansı sülalələr orda hökmdar olub və ya da hal-hazırda hökmdarlıq edir. “Almanach.be”çox maraqlıdır və əvvəl pulsuz idi. Və mən onlara çox məlumat göndərdim, Azərbaycan xanlıqları ilə bağı, Azərbaycan sultanlıqları ilə bağlı,  Azərbaycanın hansı xanlığında, həm şimalda, həm cənubda.  Ondan sonra mənə də maraqlı oldu və mən başladın araşdırmalara. Sözsüz ki, bilirsiz ki, mən dövlət məmuruyam, mənim o qədər də vaxtım olmur. Mən nə ilə məşğul oldum? Mən vaxtım olanda arxivlərə müraciət edirdim, başqa məqalələrdən bunu öyrənirdim... Və yavaş-yavaş, yavaş-yavaş, bəzi ailə üzvlırindın, məsələn, xoyskilərin ailə üzvlərindən məlumat alırdım. Ya da cavanşir ailə üzvlərindən məlumat alırdım, toplayırdım, toplayırdım, toplayırdım, toplayırdım, nəhayət, həmin bu veb-saytda, indi bütün Azərbaycan xanlıqlardan məlumat var, oradakı sülalələrdən də məlumat var. İndi bəzilərindən daha ətraflı, bu Naxçıvan xanlığına aid, ya da Xoy xanlığı, Cavanşirlər xanlığına, yəni Qarabağ xanlığına aid, bəzilərinə də daha qısa şəkildə, ona görə ki, mənim Urmiyədən, ya da Ərdəbildən daha çox məlumatım yoxdur...
Sevda İsmayıl: Mən indi soruşmaq istəyirdin sizdən,  sizin bu axtarışlarınız nəyi üzə çıxartdı, hansı sualları daha çox qabartdı?
Pərvin Mirzəzadə: İlk öncə mənə çox maraqlı gəldi ki, Azərbaycan Rusiyanın tərkibində olanda 100-ə qədər adam Rusiya ordusunun yüksək rütbəli zabitləri olub, bu bir, general rütbəsinə çatıb, bu bir. İkincisi, doğrudan da hərdən-birdən məlumat toplayanda, öyrənirəm ki, filankəs filan Sankt-Peterburq universitetini qurtarıb, ya da Kiyev Universitetini qurtarıb, maraqlı insanlar olub, ziyalılar olub, onları qısa tərcümeyi-hallarını oxuyanda çox maraqlı şeylərə rast gəlirsən ki, bu adamlar çox yüksək mədəniyyətə malik bir insanlar idi, həm vəzifə tutublar, həm şair olublar, həm müəllim olublar... Təəssüflər olsun ki, 1920-ci ildən, onların əksəriyyətini  37-ci ilə qədər güllələyiblər, bəziləri də Azərbaycandan qaçıb, mühacirətdə yaşayıb, çox maraqlı bir fakt gətirim, bizim Macarıstandakı səfirimiz Həsən Həsənov, sizin yadınızdadır, 92-ci ildən Azərbaycanın BMT-dəki ilk nümayəndə təyin olunmuşdur, Nyu-Yorka gələndə, o, təsadüfən, Zahid xan Xoyski ilə rastlaşıb. Həsən müəllim ora gələndə, o mənə danışıb və Zahid xan Xoyskini tapıb. Zahid xan Xoyski Fətəli xan Xoyskinin qardaşı oğludur. O çox maraqlıdır, Zahid xan Xoyski Azərbaycandan uşaqlıqda Türkiyəyə, Türkiyədən Polşaya, Polşadan sonra Amerikaya, onun yoldaşı polşalı olur, onun qızı, bildiyimə görə Yeganə xanımdır adı, Nyu-Yorkda yaşayır... Həsən müəllim çox maraqlı bir şey danışdı ki, mən ona Zahid bəy dedim, dedi “çox üzr istəyirəm, mən bəy deyiləm, mən xanam!”. Bəli, bu bir. İkincisi də çox maraqlı başqa bir fakdır, nə təhər mən məlumat topamışdım, anamın uşaqlıqda qonşuları, Fətəli xan Xoyskinin uşaqları olub. Onlar indiki İstiqlaliyyət  küçəsində, o vaxtkı Kommunist küçəsində,  “İsmayıliyyə” binası ilə üzbəüz, ruslar demişkən, “İtalyanskiy dvorets”, kommunal mənzillər olan bir həyətdə yaşayırdılar və anamım qonşuları, Fətəli xan Xoyskinin oğlu olub və mənim anam onun qızı ilə dostluq eləyib. Yəni Fətəli xan Xoyskinin nəvəsi ilə dostluq eləyib. Və anam danışır ki, onlar çox ağır şəraitdə yaşayıblar, bir otaqda, bir-neçə nəfər, Fətəli xan Xoyskinin oğlu şofer olub, ali təhsilə, yadınızdadır ki 30-cu illərdə əsilzadə [sinfinə] aid olan nəsillər müəyyən hüquqlardan məhrum olunmuşdular, o cümlədən ali təhsil hüququndan, o şofer olub, yəni nə təhər əziyyət ilə yaşayıblar, Fətəli xan Xoyskinin bilirsiniz də, yoldaşı rus olub, Yevgeniya xanım, amma o, Fətəli xan Xoyski ilə evlənəndə müsəlmançılığı qəbul edib və adını Ceyran xanım qəbul edib və çox maraqlıdır ki, Fətəli xan Xoyskinin qızı olub Tamara xanım, Tamara xanımın əri böyük bir bolşevik olub, o adam həm Azərbaycan Sovet Sosialist Respublikasının Xarici İşlər xalq komissarı olub, ondan sonra Tacikistanda Kommunist partiyasının 1-ci katibi olub və 37-ci ildə onu güllələyiblər. Yəni bilirsiniz, bunlar çox maraqlı bir insanlardı, sözsüz ki, mənim çox vaxtım yoxdur ki arxivlərdə zad işləyim, yəni oturum, mənim əsas istəyim, [bu ki,] mən toplanmış məlumatı ingilis dilinə tərcümə edim və həmin veb-sayta göndərim ki, bu veb-saytı idarə edən insanlar bunu yerləşdirsinlər öz saytlarına, on görə bu çox vacibdir...
Aydın Məmmədov: Pərvin bəy üzr istəyirəm, bu Zadəganlar saytıdır, Belçikanın saytıdır, eləmi?
Pərvin Mirzəzadə: Belçikanın... indi Lüksemburqdadır və onun bir idarə heyəti var, idarə heyətindən başqa bunun bir redaksiya heyəti var, mən onun redaksiya heyətinin üzvüyəm...
Aydın Məmmədov: Pərvin bəy, üzr istəyirəm, eşitmişəm ermənilər şikayət ediblər ora, bəs, bizim adımız yoxdur,  ermənilərin adı yoxdur orada, onlar da cavab veriblər ki, “sizin nəslinizdə dvoryan yoxdur axı, zadəgan yoxdur, siz həmişə onunbunun torpağında yaşamısınız”, – yəni ermənilərin orada elə bir şəcərəsi yoxdur, çünki onlarda zadəganlar olmayıb. Düzdür? Belə şey olub?
Pərvin Mirzəzadə: Ermənistana aid 2 dənə məqalə var, biri İrəvan xanlığı, onun müəllifi mənəm və İrəvanski ailəsinə, bildiyiniz kini Qacarın bir qolu İrəvan xanlığında hökmdar olub, Rusiya 1828-ci ildə İrəvanı tutandan sonra, onların bəzi ailə üzvləri İrana köçüb, başqaları İrəvanda qalıb və İrəvanski familiyası ilə,  “ханы Еревански” (yəni İrəvən xanları) familiyası ilə orada yaşayıblar, Azərbaycanda yaşayıblar, Naxçıvanda yaşayıblar, bir.  İkinci məqalə də erməni kilsəsinə aiddir. Vəssalam. Mən ümumiyyətcə, [qeyd edim ki], tarix eləcədir, tarix faktdır! [Bugünkü] Ermənistanın ərazisində  Azərbaycan dövləti – İrəvan xanlığı, olub və zadəganlar, sözsüz ki,  əsilzadələr, zadəganlar orda azərbaycanlılar olub. İrəvan xanları, Naxçıvan xanları, Maku xanları və sairə. Yoxdur orada, ermənilər şikayət eləyib və sözsüz ki saytın rəhbərliyi, ya da mən yox, idarə heyəti, mən o məsələyə müdaxilə etməmişəm, onlar özləri onlara cavab veriblər, ondan sonra da  nəyi cavab veriblər, mənə göndəriblər, bir aydan sonra, bu yadımdadır ki 2003-cü ildə.
Aydın Məmmədov: Pərvin bəy, məsələ burasındadır ki, mən nə qədər də araşdırsam, yenə Fətəli xan Xoyskinin anasının adını tapa bilmədim. O barədə nə bilirsiniz?
Pərvin Mirzəzadə: Deyilənə görə, onun atasının – İsgəndər xanın, iki dənə arvadı olub, biri öz əmisi qızı, biri də Şəkidən olan bir xanım. Təəssüflər olsun heç bir sənəddən mən bilmədim ki onun anası öz atasının əmisi qızıdır, yoxsa da bu Şəkidən olan qadın olub. Bilirsiniz nə təhərdir, mən deyə bilmərəm ki mən orijinalam, məndən başqa yoldaşlar da var bu işlə məşğuldurlar. Ən dəqiq məlumat, ola bilər ki, Tiflisdə ola bilər. Nəyə görə? Bildiyiniz kimi o vaxtı Qafqaz Komissiyası Tiflisdə oturub və bütün məlumatlar ora toplanırdı. Düzdür, məşhur bir “Aktı Kavkazskiy Arxeoqrafiçeskoe Komissiiy” var, orada da bəzi məlumatlar var, hətta siz deyən kimi, [xoyskilərdən] 2-ci Şəki xanı, yəni İsmayıl xanın [oğlan] uşaqları olmayıb, doğrudan da belə bir fakt orada göstərilir ki, ruslar xoyski nəslindən Şəkini alırlar və ona istinad edirlər ki, İsmayıl xan ölür və onun oğlu olmur. 3-cüsü də, bilirsiz ki, Azərbaycanda genealogiya ilə məşğul olan bir cəmiyyət var və oranın üzvləri də məşğul olurlar bu məsələlərlə,  onları – bəzi məlumatları xoyski ailəsi ilə bağlı, həmin bu topludan mən götürmüşəm.
Aydın Məmmədov: Pərvin bəy, sizin necə fikriniz var, Fətəli xan Xoyskinin qəbrini Bakıya köçürmək məqbuldu ya yox, indiki dövrdə? Təsəvvür edin ki, Bakının tən ortasında Stepan Şaumyanın qəbri var! Rəsmən qəbri ordadır! Necə fikirləşirsiniz Şaumyanın qəbri Bakıda, Fətəli xan Xoyski, Azərbaycan Demokratik Respublikasının yaradıcıları[ndan biri], görkəmli dövlət xadimnin qəbri Tiflisdə. Necə fikirləşirsiniz, onu gətirmək lazımdır, ya yox?
Pərvin Mirzəzadə: Bilirsiniz, məndən olsa tək Fətəli xan Xoyskini yox, digər[lərini də gətirmək lazımdır, deyərdim, məsələn,] Topçubaşovun qəbri Fransada, Nəriman Nərimanovun qəbri Moskvada... Bəzən ölüyə toxunmaq olmaz. Sözsüz ki pis olmaz, düzü. Amma bu məsələni nə mən, nə siz nə də başqaları [həll edə bilmərik,] mən təşəbbüs edirəm ki, həm bizim din nümayəndələrimiz, həm bizim ziyalılarımız otursunlar bir ortaq məxrəcə gəlsinlər. Yəni mənim bu məsələdə fikrim subyektiv ola bilər. Bu məsələyə toxunanda, mən tək Fətəli xan Xoyskini deməzdim. Ceyhun bəy Cavanşir İstanbulda öldürülmüşdür, Mustafa bəy Topçubaşov Parisdə dəfn olunub...
Aydın Məmmədov: Üzr istəyirəm, onlar, demək, hələ də sürgündədir də, özləri sürgün həyatı yaşayıb, onların qəbirləri də sürgündədir!
Pərvin Mirzəzadə: Bəli, bəli, bəli.
 
"İpəkçi" qəzeti
 №9 (2273); 18 oktyabr 2010-cu il
 

 
ILK-10 Azeri Website Directory *
* Rambler's Top100 *
 
Ć
Muhaciretdeolanqebirler-AUDIO.mp3
(5859k)
Aydın Məmmədov,
Nov 2, 2010, 1:05 PM
Comments