BİR QƏBİR KİTABƏSİNİN İZİ İLƏ,

YAXUD F. X. XOYSKİNİN ƏSLİ-NƏCABƏTİNƏ DAİR TARİXİ FAKTLAR[1]

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

2.) Anası: Şəhrəbani xanım şəkili hacı Zeynalabdin qızı?

 
 

FƏTƏLİ XAN XOYSKİ AİLƏSİNİN GENEALOJİ CƏDVƏLİ

 

 

 

ŞƏKİDƏKİ XAN QƏBRİSTANLIĞINDA DƏFN OLUNMUŞ SƏLTƏNƏT BƏYİM F. X. XOYSKİNİN BACISIDIRMI ?

 

Keçmiş SSRİ-də kommunist rejimi süqut edəndən sonra onun bütün respublikaları kimi Azərbaycanda da, o cümlədən Azərbaycanın bütün şəhərləri kimi Şəkidə də bir sıra prospekt, küçə və s.lərin adlarına “əl gəzdirildi”. Məsələn, burada əvvəlki K. Marks prospektinə indi Azərbaycanın görkəmli dövlət xadimi F. X. Xoyskinin adını verdilər…

Lakin həmin addəyişmə əməliyyatı zamanı heç kimin ağlına belə gəlməmişdir ki, yeni F.X.Xoyski prospektində, məhz, eyni şəxslə bağlı təfərrüat mövcud ola bilər. Bəli, biz müəyyənləşdiririk ki, söz gedən prospektin lap başlanğıcında, üz cənub-şərqə doğru sağda yerləşən “Xan qəbristanlığı”nda


Şəki “Xan qəbristanlığı”, ümumi görünüş, foto: Aydın, 2009.

F.X.Xoyskinin atabir bacısı – 1869-cu ildə dünyasını dəyişmiş Səltənət bəyim dəfn edilmişdir. Düzdür, mərhuməyə məxsus baş daşı kitabəsində yalnız ərəbcə həkk olunub ki


Şəki “Xan qəbristanlığı”, Səltənət bəyim İsgəndər xan qızının baş daşı,  foto: Aydın, 2009.

...bu qəbir ali rütbəli İsgəndər xanın qızı Səltənət bəyimindir...[2] və onun həqiqətən Fətəli xanın bacısı olduğu barədə hər hansı bir tutarlı mülahizənin irəli sürülməsi üçün isə bir qədər geniş araşdırma aparılmasına ehtiyac var. Biz həmin işi bu sətirlərdən sonra daha bir neçə yarımbaşlıq altında görəcəyik. Və eyni zamanda xoyskilərlə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirmək, bir sıra maraqlı və əhəmiyyətli tarixi faktları üzə çıxarmaq niyyətindəyik. Lakin bəri başdan qeyd etməliyik ki, ciddi cəhdlərimizə baxmayaraq F. X. Xoyskinin nəsil şəcərəsini tam öyrənmək üçün lazımi qədər məlumat əldə edə bilmədik. Həmin səbəbdən də bu məqalədə dəqiqləşdirilməmiş bəzi şeylərin, məsələn, söz gedən şəxsin anasının, o cümlədən ana tərəfdən baba və nənəsinin, həmçinin, atasının ana nənəsinin adlarının, atasının bizdə mübahisəli vəziyyətdə qalacaq təvəllüd və ölüm tarixlərinin və sairlərin öyrənilməsi işini, bu mövzunu araşdıracaq daha sonrakı tədqiqatçıların öhdəsinə buraxacağıq…

 

F. X. XOYSKİNİN NƏSİL ŞƏCƏRƏSİNİN AZ ÖYRƏNİLMƏSİ VƏ BUNUNLA ƏLAQƏDAR  OLARAQ  ORTAYA ÇIXMIŞ BƏZİ YANLIŞLIQLAR

Belə ki bu məqaləmizə və Pərvin Xəyyam oğlu Mirzəzadənin köməkliyi ilə ingilis dilində İnternet səhifəsinə yerləşdirilmiş Xoy xanlarının nəsil şəcərəsi barədə digər bir materialadək, xoyskilərin genealoji cədvəli tərtib edilməmişdi. Həmin səbəbdən də Azərbaycan dövlətçiliyinin görkəmli simalarından olan F. X. Xoyski haqqında nəşr olunmuş bütün tədqiqat materialları üzrə bir qayda olaraq, onun əsli-nəcabətindən ya heç bəhs olunmur, ya da ki ötəri, həddindən artıq konkret bəhs olunur və bu zaman bəzən səhvə yol verilərək 1814-19-cu illərdə Şəkidə səltənət sürmüş İsmayıl xan onun babası hesab edilir[3]. Halbuki, əslində İsmayıl xanın oğul evladı olmamışdır. Bu qəbil yazılarda F. X. Xoyskinin atası İsgəndər xanın təvəllüdünün 23-24 il xəta ilə (!) göstərilməsi halına da rast gəlmək mümkündür[4] (İsgəndər xanla bağlı bəzi müəmmalar və təzadlı məlumatlardan isə bir qədər aşağıda, onun adı olan müvafiq yarımbaşlıq altında bəhs ediləcək)...

Qəribədir ki ADC-nin 80 illiyinin keçirilməsi ilə əlaqədar sabiq mərhum prezident H. Əliyev cənablarının 30 yanvar 1998-ci il tarixli sərəncamına əsasən yaradılmış Dövlət Komissiyasının qərarı ilə eyni ildə Bakıda nəşr edilmiş “Fətəli xan Xoyskihəyat və fəaliyyəti” adlı kitab Baş Arxivlər İdarəsi tərəfindən tərtib olunsa da, orada da Fətəli xanın əsli-nəcabəti barədə ətraflı elə bir məlumat yoxdur. Halbuki, bu barədə həmin İdarənin nəzdindəki Dövlət Tarix Arxivində bir çox sənədlər olmalıdır və biz aşağıda onlardan şəxsən tanış olduğumuz bir qisminə istinad edəcəyik.

O ki qaldı qeyd olunan İnternet səhifəsindəki materiala, burada xoyskilərlə bağlı xeyli maraqlı və əhəmiyyətli informasiya vardır ki, onların da bir qismi, artıq, öz tədqiqatımızın nəticələri ilə üst-üstə düşmüşdür. Məqaləmizin təqdim olunan indiki redaktəsinə daxil edilmiş bəzilərinin isə haradan götürülməsi bizim üçün məlum olmasa da hər halda nəzərə alınmalıdır ki, onları ciddi qəbul etməməyimiz üçün də əsasımız yox idi.

 

F. X. XOYSKİNİN ULU CƏDDİ: HƏSƏN BƏR-MƏKLİ; O, ABBASİ XƏLİFƏSİ HARUN ƏR-RƏŞİDİN HƏMDÖVRÜ OLMUŞDUR!

İlk xoyskilər bu familiyanı qəbul etməzdən əvvəl, Xoy xanları kimi (həm də “dünbülü” adlanan kürd tayfasının başçıları kimi) və ya bunların nəslindən olan şəxslər kimi tanınırdılar[5]. Özlərinin rəvayətlərinə görə isə onlar Abbasi xəlifəsi Harun ər-Rəşidin dövründə (786 – 809) yaşamış və adı çəkilənin təqibi nəticəsində 803-cü ildə İrana qaçıb gəlmiş Həsən Bər-Məklidən başlanan “bərmənidlər” sülaləsinə mənsubdurlar[6]. Məlumat üçün əlavə edək ki, əslində söhbət bərməkilər sülaləsindən gedir və Abbasilər dövründə vəzirlər nəsli kimi tanınan bu sülalənin  ən məşhur nümayəndəsi isə Xəlifə Harun ər-Rəşidin vəziri olmuş Cəfər Bərməkidir, hansı ki adına məşhur “Min bir gecə” nağıllarında təsadüf edirik.

 

F. X. XOYSKİ NƏSİL ŞƏCƏRƏSİ ÜZRƏ KİMLƏRİN NƏTİCƏSİDİR:

1.) Xoy hakimi Əhməd xan və onun arvadı Səltənət bəyim Hüseynəli xan Qacar qızının[7];

1763 – 1786-cı illərdə Xoy hakimi olmuş Əhməd xan, hakimiyyəti dövründə ətraf xanlıqların bir çoxunu da öz nüfuz dairəsi altına sala bilmişdi[8].  Buna görə Türk sultanı ona Azərbaycanın ali sərəsgəri (–baş komandanı) titulunu verib[9]. Əhməd xan 1786-cı ildə öz qardaşı Şahbazın oğlanlarının sui-qəsdi nəticəsində öldürülmüşdür.

Əhməd xanın arvadlarından biri olan Səltənət bəyim isə İrəvan hakimi Məhəmmədqulu xan Qacarın[10] bacısı idi. Bəzi tarixi sənədlərdən məlum olur ki, (əgər heç bir dolaşıqlıq yoxdursa!) o, Əhməd xanın ölümündən sonra qaynı Cəfərqulu xana ərə gedibmiş.

Əhməd xanla Səltənət bəyimin oğulları Kəlbəli bəy, F. X. Xoyskinin babasıdır – başqa sözlə, atasının atasıdır.

2.) Xoy, daha sonra Şəki hakimi olmuş General – leytenant Cəfərqulu xan Xoyskinin və onun arvadı “.........?..........”n;

Əhməd xandan sonra qardaşı Cəfərqulu xan Xoy hakimi oldu. Bir müddət sonra (1797-ci ildə?) onun 300 nəfərlə ova getməsindən istifadə edən İran şahı Xoya qoşun göndərib oğlunu, arvadını və qardaşını girov götürdü. Cəfərqulu xan İrəvana getdi. Lakin tezliklə, vəliəhd Abbas Mirzə ordusunun oraya üz tutduğunu eşidib həmin şəhəri də tərk etməyə məcbur oldu. 1804-cü ildə ruslar İrəvanı ələ keçirdikləri vaxt Cəfərqulu xan 200 nəfərlə onların qərargahına gəlib sədaqət andı içdi. Əvəzində general-leytenant rütbəsi və Çar Aleksandrın adından qiymətli hədiyyələrlə mükafatlandırıldı[11].

1806-cı ilin axırlarında isə ruslar Şəkinin xanı olmaq üçün Cəfərqulu xanı “dilə tutdular” (– bu ölkənin yerli xan sülaləsinə mənsub şəxslərdən artıq heç birisinin səmimiyyətinə inanmadıqlarına görə!) və Çar Aleksandrın 10 dekabr 1806-cı il tarixli[12] fərmanı ilə onu rəsmi şəkildə Şəki xanı təyin etdilər[13]. Yeri gəlmişkən, qeyd edək ki, Cəfərqulu xan hələ 1802-ci ildə, o vaxtkı Şəki hakimi Məhəmməd Həsən xanla müttəfiqlik nümayiş etdirmişdi[14]. Onun yeni təyinatı ilə əlaqədar isə 10 minə yaxın tərəfdarı, yaxud rəiyyət və qohum-əqrəbası Şəki xanlığı ərazisində məskunlaşdı.

Tarixçiliyimizdə Cəfərqulu xanla bağlı bir qədər inandırıcı olmayan belə bir müddəa da var ki, guya o, Xoydan xeyli erməni köçürmüş və bunlar Şəki xanlığı ərazisində 4-5 yeni kənd salıblarmış[15]. Əslində isə biz 1824-cü il Şəki əyalətinin siyahıyaalma aktlarında yalnız Cəfərabad kəndi üzrə 93, Nuxa şəhəri üzrə isə 65 xoy mənşəli erməni ailəsinin qeydə alındığını görürük[16].

Cəfərqulu xan 8 ilə yaxın Şəki xanı olduqdan sonra 22 avqust 1814-cü ildə isitmə xəstəliyindən ölmüşdür[17].

Cəfərqulu xanın qızı Sara bəyim, F. X. Xoyskinin nənəsidir – başqa sözlə, atasının anasıdır.

3.) “........?;.......”;

4.) “.......?.........”.

 

F. X. XOYSKİ KİMLƏRİN NƏVƏSİDİR:

1.) Əhməd xanın oğlu General-mayor Kəlbəli xan (1775 – 1734) və onun arvadı Sara bəyim Cəfərqulu xan qızının;

 

Cəfərqulu xanın ölümündən sonra oğlu İsmayıl xan Şəkidə hakimiyyətə başladı. Və Çar Aleksandrın 10 may 1815-ci il tarixli fərmanı ilə rəsmi şəkildə Şəki xanı kimi təsdiqləndi[18]. Lakin o, Rus hakimiyyət dairələrinin ümidlərini doğrultmamışdı. Yüksək çinli Rus məmurlarının öz aralarındakı raportlarında İsmayıl xanı hətta “великий дурак[19] da adlandırmışdılar[20]. Nəhayət, İsmayıl xan xəstələndi və bir həftəlik yataq vəziyyətindən sonra 24 iyul 1819-cu ildə öldü. Belə bir fürsət gözləyən ruslar isə onun oğul varisinin olmamasını bəhanə edərək Şəki xanlığının ləğv edildiyini və yerində Şəki əyalətinin yaradıldığını elan etdilər[21]. Şamaxı hakimi Mustafa xan o vaxt iddia etmişdir ki İsmayıl xanı ruslar öldürüblər. Ruslar isə öz növbələrində onun, bacısı Sara bəyim tərəfindən zəhərlənməsindən şübhələndiklərini bildirirdilər[22].

Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, Kiçik ağa” ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə (– təvəllüdü 1775-ci ildir[23].) əvvəl 1300, sonra isə 2300; onun anası Səltənət bəyimə 1200 manat və s[24]. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək “məsləhət” görüldü.

Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması barədə hələlik əlimizdə elə bir informasiya yoxdur. Yalnız məlumumuzdur ki, 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə “Xoyu idarə edən şəxs” kimi göstərilir[25]. Eyni vaxtda Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, 10 avqust 1829-cu il tarixdə rütbəsi (–20 ildən artıq idi ki polkovnik idi) artırıldı – general-mayor oldu[26].

Daha sonralar, 26 noyabr 1831-ci il tarixli sənəddə, həmin vaxt Dərbəndən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edirik[27]. Kəlbəli xan 29 iyul 1834-cü ildə Yelisavetpolda (– Gəncə şəhərində) dünyasını dəyişmişdir[28].

Kəlbəli xan və arvadı Sara bəyimin oğlu İsgəndər xan, F. X. Xoyskinin atasıdır.

 

2.) Şəkili Hacı Molla Zeynalabdin? və onun arvadı “...........?..........”.

 

F. X. XOYSKİNİN VALİDEYNLƏRİ KİMLƏRDİR:

1.) Atası: General-leytenant İsgəndər xan Xoyski; (O, 1819-cu ilin sentyabr ayında Nuxa (– Şəki) şəhərində anadan olmuşdur, ya 1820-ci il may ayının 25-də başqa bir yerdə?)

1819-cu ildə xoyluların Nuxadan çıxarılması ilə bağlı yuxarıda bir neçə kəlmə yazdıq. İndi yeri gəlmişkən, bu işin bəzi təfərrüatı barədə: Həmin vaxt Kəlbəli bəy və arvadı Sara bəyim hələ bir müddət burada qalmalı oldular. Belə ki eyni ilin 25 avqustunda tərtib edilmiş sənəddə onların ləngimələri və bunun səbəbi göstərilmişdir: Sara bəyim 20 günə doğmalıdır, səhhətinin pisləşə biləcəyindən çəkinərək Nuxanı tərk etmək istəmir[29]. Bu fakt bizə imkan verir ki, İsgəndər xanın təvəllüd tarixi və doğulduğu yer barədə nəsə bir mülahizə irəli sürə bilək. Beləliklə, istinad etdiyimiz mənbədə proqnozlaşdırıldığı kimi həqiqətən də Sara bəyim hamiləlik yükündən 20 gün ərzində azad olubsa və bu vaxta qədər yaşadığı şəhəri tərk etməyibsə, deməli, onun evladı 1819-cu ilin sentyabr ayında, özü də Nuxa şəhərində dünyaya göz açmalı idi. Bəs bu hadisə baş verdimi? Körpənin adını nə qoydular?

Nuxa şəhərinin 1848-cu il siyahıyaalma aktlarında 30 yaşlı qvardiya proporşiki İsgəndər xan Kəlbəli oğlu qeydə alınıb[30].  Deməli, onun təvəllüdü 1819-cu il olmalıdır. Buradan da belə çıxır ki, göstərilən ilin təqribən sentyabrında Sara bəyimin Nuxa şəhərində dünyaya gətirdiyi uşaq, İsgəndər xan imiş. 1860-cı ildə tərtib olunmuş ikinci – analoji sənəddə də eyni şəxs 42 yaşında və qvardiya polkovniki rütbəsində göstərilmişdir[31]. Onun təvəllüdü bu dəfə də 1819-ci il kimi alınır. Deməli, 1819-cu ilin sentyabr ayı tarixini, tərəddüd etmədən İsgəndər xanın anadan olduğu vaxt hesab etmək mümkündür! Lakin deyilənə görə, Gürcüstan Respublikasındakı hansısa arxivdə saxlanılan 19-cu əsrin sonlarına aid belə bir sənəddə söz gedən şəxsin təvəllüdü birbaşa 1820-ci il kimi göstərilmişdir[32]. Üstəlik, P.  X. Mirzəzadənin hansısa mənbələrə əsasən tərtib etdiyi İnternet səhifəsində İsgəndər xanın təvəllüdü bir qədər də qəti surətdə – 1820-ci il mayın 25-kimi kimi təqdim edilir[33]. Sonuncu tarix tutalım ki daha doğrudur. Və söz gedən şəxs də, ailənin ikinci uşağı kimi, məhz, həmin vaxt altıaylıq da olsa, dünyaya gəlmişdir. Bəs onda, bundan qabaq yuxarıda istinad etdiyimiz 1848-ci və 1860-cı illərdə tərtib edilmiş sənədlərdə nə üçün onun 40 deyil, 42 yaşında olması göstərilmişdir?! Hər halda, razılaşın ki, İsgəndər xan Xoyskinin 1819-cu ilin sentyabr ayında Nuxa şəhərində anadan olması barədə bizim göstərdiyimiz dəlillər kifayət qədər inandırıcıdır və müvafiq tarixi xronologiyaya elə belə də tətbiq oluna bilər:

“İsgəndər xan Xoyski 1819-cu ilin sentyabr ayında Nuxa şəhərində anadan olmuşdur.”

İsgəndər xan, İsmayıl xanın qızı Səadət xanımla ailə qurmuşdu. Səadət bəyimin anası, yəni İsgəndər xanın qaynanası Tuti ağa isə Şəkinin sabiq hakimi Məhəmmədhəsən xanın qızı idi. Yeri gəlmişkən qeyd edək ki, biz bir münşəatda Tuti ağanın öz kürəkəni İsgəndər xana yazdığı məktubuna da rast gəlmişik[34]. O ki qaldı Səadət bəyimin F. X. Xoyskinin anası olub-olmamasına, bu ehtimal üçün, yalnız mənfi fikir söyləmək mümkündür. Belə ki Fətəli xan 1875-ci ildə dünyaya göz açanda, 1819-cu il təvəllüdlü Səadət xanım (o, İsmayıl xanın ölümündən 3-4 gün sonra anadan olmuşdur) ömrünün 56-cı ilini yaşamalıydı. Belə ahıl yaş dövrü də qadınların dünyaya uşaq gətirə bilməsi üçün münasib vaxt hesab edilmədiyinə görə, F. X. Xoyskinin, İsgəndər xanın hansısa yaşca cavan arvadından doğulduğuna inanmağa məcburuq. Məlumat üçün əlavə edək ki, internet  səhifəsində – www.almanach.be/search/i/iran_khoy.html -də,  İsgəndər xanın Səadət bəyimdən başqa daha iki arvadının da olması göstərilir. Və bunlardan da yalnız birinin – Şəkili hacı Molla Zeynalabdinin qızı Şəhrəbani xanımın adı açıqlanır. Eyni mənbədə İsgəndər xanın 1871-ci ildə Müqəddəs AnnaMüqəddəs Vladimir ordenləri ilə təltif olunması da qeyd edilib. Həmçinin, onun 16.12.1889-cu il tarixdə general-leytenant rütbəsi alması da göstərilmişdir. Biz isə Şəki şəhər sakini Əşrəf Cəfərova məxsus “Şəkixanovların arxivi”-ni nəzərdən keçirərkən 19-cu əsrin 75-ci ilinə aid bir məhkəmə sənədi ilə tanış olduq ki, burada həmin vaxt İsgəndər xanın Nuxada barışdırıcı hakim  vəzifəsində işləməsi və polkovnik rütbəsində olması qeyd edilmişdir[35].

İsgəndər xanın ölüm tarixi də mübahisəlidir. Belə ki mərhum akademik Z. Bünyadov və M. Əliyev onun 1908-ci ildə vəfat etdiyini göstərdikləri halda[36], məlum saytda bu hadisənin tarixi qəti olaraq “16. 07. 1894-cü il” hesab edilir[37].

2.) Anası: Şəhrəbani xanım şəkili hacı Zeynalabdin qızı?

 

XOYSKİLƏRİN MƏZARLARI

Onlar Kərbəlada torpağa tapşırılırdılar, amma qəbirləri sonralar dünyanın müxtəlif şəhərlərinə səpələndi: Şəkiyə, Gəncəyə, Tiflisə, Moskvaya…

Məlum olduğu kimi F. X. Xoyski 1920-ci ilin iyun ayında Tiflisdə oldürülüb. Eləcə də, onun qəbri hal-hazırda Tbilisinin müsəlman məzarlığındadır. (20-ci əsrin yalnız son illərində, Şəmkir rayonun sabiq İH başçısı A. Aslanov öz şəxsi vəsaiti hesabına F. X. Xoyskinin qəbrinin üstündə mərhumun büstünü ucaldırmış və abidənin açılış mərasimində isə Azərbaycanın o vaxtkı prezidenti, mərhum H. Əliyev cənabları şəxsən iştirak etmişdir.)

Fətəli xanın bacısı Tuti bəyim (1871– ?) və bir qardaşı Cahangir xan (09.09.1849 –1920; Anası Səadət bəyimdir[38].) Gəncənin “Səbskar” məzarlığındakı məqbərədə dəfn ediliblər[39]. Onların ADC dövründə Gəncə general-qubernatorunun müavini olmuş 22.09.1869–cu il təvəllüdlü Hüseynqulu xan adlı qardaşları isə 07.12.1955-ci ildə İstanbulda vəfat etmiş və qəbri də yəqin ki, oradadır. Eləcə də digər qardaş – 15.11.1888-ci təvəllüdlü Rüstəm xan (F. X. Xoyski kimi o da Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir (1901-ci ildə)[40]. ADC-də və Az. SSR-də müxtəlif yüksək vəzifə postlarını tutmuş, 1920-ci ilin sonunda Moskvaya köçərək ailə həyatı qurmuş və orada da müxtəlif dövlət vəzifələrində çalışmışdır.) doğrudan da 1939-cu ildə Moskvada dünyasını dəyişmişdirsə, deməli, onun da qəbrini, yəqin ki, məhz, həmin şəhərdə axtarmaq lazımdır, Başqa bir internet səhifəsində – Azərbəycan MEA Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri namizədi Kamil Muxtarovun təqdimatında isə oxuyuruq ki, həqiqətən də R. X. Xoyski Moskvadakı Novodeviçye qəbristanlığında dəfn olunmuşdur. Lakin bu tədqiqatçı Rüstəm xanın 1948-ci ildə vəfat etdiyini göstərir[41].

1878-ci il təvəllüdlü başqa qardaşın – Abbasqulu xan Xoyskinin, həmcinin, təvəllüdünü bilmədiyimiz, adını və rütbəsini 1873/1874-cü illərin “Kavkazskiy kalendar”ından öyrəndiyimiz[42] polkovnik İsmayıl xan İsgəndər xan oğlu Xoyskinin həyatları kimi, aqibətləri barədə də hələlik, əlimizdə heç bir məlumat yoxdur. 2004-cü ilin yazında Azərbaycan KİV-nin yaydığı bir xəbərə əsasən isə biz, F. X. Xoyskinin Adil xan adlı daha bir qardaşının da adını öyrənmiş olduq. Belə ki, qeyd edilən vaxt, Türkiyədən Azərbaycana təşrif buyurmuş İstanbuldakı Azərbaycan diasporunun fəal üzvü İbrahim xan Xoyski bildirmişdir ki, onun atası Adil xan Xoyski Fətəli xan Xoyskinin qardaşıdır. Amma hələlik, bu məlumatı dəqiqləşdirmək bizə müyəssər olmayıb  və mümkündür ki, həmin xəbər hazırlanarkən, nəsə, dolaşıqlığa yol verilmişdir.


Şəki "Xan qəbristanlığı", Səadət bəyim İsmayıl xan qızının baş daşının qalıqları, foto: Aydın, 2009.

O ki qaldı F. X. Xoyskinin Səltənət bəyim adlı bacısına, hansı ki biz məqalənin əvvəlində onun dəfn olunduğu yer barədə artıq yazmışıq, lakin nəyə görə, məhz, Şəkinin yerli xanlarına məxsus qəbristanlıqda torpağa tapşırılması haqqında izahat verməmişik, zənnimizcə, bu sətirlərədək oxucu artıq öz-özünə başa düşməlidir ki, söz gedən mərhumə, ana nənəsi Tuti ağanın Şəkinin yerli xanları nəslindən olması səbəbindən həmin qəbristanlıqda dəfn edilmişdir. Belə ki biz bir qədər əvvəl həm də qeyd etdik ki, İsgəndər xanın qaynanası, Şəkinin yerli xanlarından olan Məhəmmədhəsən xanın qızıdır. 2009-cu ilin əvvəllərində isə bu sətirlərin müəllifi, Şəki “Xan qəbristanlığı”nda xoyskilərə aid ikinci bir baş daşını – İsmayıl xanın qızı və İsgəndər xan Xoyskinin arvadı olmuş Səadət bəyimin baş daşısını ilk dəfə olaraq aşkar etdi[43]. Maraqlıdır ki, bu baş daşı, mərhumənin qızı Səadət bəyimin baş daşı ilə eyni üslubda və eyni materialdan hazırlanmışdır və bu baxımdan, onlar həmin qəbristanlıqdakı digər baş daşılardan fərqlənirlər.    

Fətəli xanın atası, İsgəndər xanın məzarının harada olması məsələsinə gəlincə isə, əgər tam dəqiqləşdirmək mümkündürsə ki onun nəşi Gəncədəki Səbskar məqbərəsində deyil, bu halda güman edə bilərik ki, söz gedən şəxs də ata-babaları kimi son nəhayətdə Kərbəlada torpağa tapşırılıb. Belə ki İsgəndər xanın atası Kəlbəli xanın ölümündən bir ay sonra – 1834-cü il avqustun 30-da cənazəsi Kərbəlaya göndərilmiş[44], eləcə də 1819-cu ildə İsmayıl xanın ölümündən də sonra həmin bu Kəlbəli bəy rus hakimiyyət dairələrinə rəsmən müraciət edərək mərhumun nəşinin Kərbəlaya aparılması üçün təşkilati köməklik göstərilməsini istəmişdir[45]. 

 

 

FƏTƏLİ XAN XOYSKİ AİLƏSİNİN GENEALOJİ CƏDVƏLİ

 

Həmçinin bax: Bu cədvəlin digər elektron versiyasına!

Həmçinin bax: Bu məqalənin digər elektron versiyasına!

 <<<“Fətəli xan Xoyski barədə sayt”ın Ana səhifəsi

 

                            <<< “İpəçi” qəzeti veb saytının Ana səhifəsi   

 



[1]  Bu məqalə “Şəkinin səsi” qəzetindən əlavə, həm də Azərmaycan MEA-nın “Elm “ qəzetində (4 oktyabr, 2002-ci il) və Almaniyada nəşr olunan "Jahrbuch Aserbaidschanforschung məcmuəsində (2007) də dərc olunub. Məqalənin indi, bu saytda yerləşdirilmiş variantı isə 06.05.2009-cu il tarixdə redaktə edilmişdir və heç yerdə nəşr olunmayıbdır!

[2] M. S. Nemətova, Nuxa Xan qəbr... Azərb. EA Xəbərləri , 1961, № 6, səh. 32 və М. С. Неймат, Корпус эпикрафический памятников Азербайджана, Bakı, 2001, 2-ci cild, səh.128,  №710. (Bax: Veb-də )

[3] a) D. Seyidzadə / A. Rüstəmli,  Fətəli xan Xoyskinin...,  Dirçəliş,  1998, №5;  b)  Ə. İsayev,  Gəncə üsyanı,  Bakı, 1997, səh. 55–56.

[4] Z. Bünyadov, M. Əliyev,   Fətəli xan Xoyski, Bakı, 1997, səh. 3.

[5] N. Mustafayeva, Cənubi Azərbaycan xanlıqları, Bakı, 1995, səh. 56.

[6] И. Л.  Сегаль,  Елисаветпольская губерния, Tiflis, 902, səh. 11.

[7] Hüseynəli xan Qacar 1762-1783-cü illərdə İrəvan hakimi olmuşdur.

[8] N. Mustafayeva, Cənubi Azərbaycan xanlıqları, Bakı, 1995, səh. 48.

[9] N. Mustafayeva, Cənubi Azərbaycan xanlıqları, Bakı, 1995, səh. 56.  

[10] 1784–1805-ci illərdə hakmiyyətdə olub.

[11] N. Mustafayeva, Cənubi Azərbaycan xanlıqları,  Bakı, 1995, səh. 69.

[12] Bu və aşağıda 1920-ci ildən əvvələ təsadüf edən bütün tarixlər Yuli təqvimilədir!

[13] АКАК ( Акты, собранные Кавказской Aрхеографической Kомиссией), Т. III. Тифлис, 1869, səh. 271, № 488.

[14] АКАК, Т. I , Тифлис, 1866, səh. 380, № 494.

[15] R. B. İsmayılov,  Azərbaycan tarixi,  Bakı, 1993, səh. 31.

[16] Камеральное описание..., Dövlət Tarix Arxivi, fond 24, op. 1, s/v 162.

[17] АКАК, Т. V,  Тифлис, 1873, səh. 553, № 664.

[18] АКАК, Т. V,  Тифлис, 1873, Tiflis–1873, səh. 560, № 668.

[19] Yəni: “böyük axmaq”.

[20] АКАК, Т. VI, ч.I, Тифлис, 1874, səh. 736, № 1093.

[21] АКАК, Т. VI, ч. I, Тифлис, 1874, səh. 739, № 1097.

[22] АКАК, Т. VI, ч. I, Тифлис, 1874, səh. 749, № 1113.

[23] (THANKS TO:)  Parvin Chayyam ogli Mirzazade,  http://www.almanach.be/search/i/iran_khoy.html.          

[24] АКАК,  Т. VI - I, Тифлис, 1874, səh. 777, № 1152.

[25] АКАК,  Т. VII, Тифлис, 1883, səh. 658 № 634.  

[26] AKAK,  Т. VII, Тифлис, 1883, səh. 669, № 645.

[27] AKAK, Т. VIII, Тифлис, 1884, səh. 545-546, № 425.

[28] AKAK, Т. VIII, Тифлис, 1884, səh. 970.

[29] АКАК, Т. VI, ч. I, Тифлис, 1874, səh.743, № 1106.

[30] Камеральное описание... жителей города Нухи состовлен в за 1848 г; Список камерального    описания беков города Нухи 1849 года, Dövlət Tarix Arxivi, fond 37,  s/v 25, səh. 449.

[31] Список беков и чиновников мусулманского вероисповедения гор. Нухи; 1860 г. 3 февраля,  Dövlət Tarix Arxivi, fond 10,  op. 1, s/v 79, səh. 6.

[32] Ş. Nəzirli,  Arxivlərin sirri açilir,  Bakı, 1999, səh. 178  və şəxsən müəllifin izahatı. Həmçinin, http://www.anl.az/el/n/sh_n_asa.pdf (səh. 157).

[33] Bax: 23-cü qeydə!

[34] H. S. H. Baba əfəndi,  Münşəat,  Azərb. MEA Əİ, şif. B-1283/9592, səh. 7.

[35] Şəkixanovların arxivi  (Şəki şəhər, Otaq Eşiyi məhləsinin sakini Ə. Cəfərova məxsusdur).

[36] Bax: 4-cü qeydə!

[37] Bax: 23-cü qedə!

[38] Bax: 23-ci qeydə!

[39] Bax: 3-cü qeyd; b!

[40] Hüseyn Aypara, Azərbaycan ictimai mübarizəsi tarixi, Bakı–1991, səh. 235-236.

[42] Şəmistan Nəzirli, Azərbaycan generalları, Bakı – 1991. səh.5 (http://www.anl.az/tarix_elm.php)

[43] A. Məmmədov, Şəki “Xan qəbristalıöı”nda İsgəndər xan Xoyskinin arvadına aid baş daşı aıkar olundu, http://f.x.xoyski.googlepages.com/xoyskilereaidqebir3 .

[44] Bax: 28-ci qeydə!

[45] АКАК, Т. VI, ч. I, Тифлис, 1874, səh.738, № 1096.




 
 

Sayt 2007-ci ilin dekabr ayında "Şəkinin səsi" və "İpəkçi" qəzetləri redaksiyası tərəfindən yaradılmışdır.

Redaktor: Aydın Məmmədov.

Bizim e.mail: shekitarixi@gmail.com

ILK-10 Azeri Website Directory *
* Rambler's Top100 *